Əfrasiyab Bədəlbəyli
“Ədəbiyyat və incəsənət”, 16 dekabr 1956-cı il

İSTEDADLI ARTİST

(Əlövsət Sadıqovun anadan olmasının 50 illiyi münasibətilə)

Respublikamızın teatr və musiqi ictimaiyyəti əməkdar artist Əlövsət Sadıqovun anadan olmasının əlli illiyini qeyd edir.

Hələ çox gənc ikən Nuxa (indiki Şəki - İ.Q.) ipək fabrikasında fəaliyyətə başlayan Əlövsət Sadıqov oradakı özfəaliyyət dərnəyində bir həvəskar sifətilə iştirak etmiş və yaxşı səsə malik olan nəğməkarlığını nümayiş etdirə bilmişdi. O, Azərbaycan muğamlarını, təsniflərini, xalq mahnılarını səlis və rəvan bir şəkildə oxumağa çalışır və bu yolda müəyyən müvəffəqiyyətlərə nail olur. Onun o zamankı nəğməkarlığında həmvətənlisi olan məşhur və görkəmli Azərbaycan xanəndəsi Əli Əskər Abdullayevin xoş nəfəsləri, gözəl "boğazları", "sərrast kəsişmələri" az da olsa öz əksini tapmışdır.

1927-ci ildə Əlövsət Sadıqov Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Opera və Balet teatrının xor kollektivinə qəbul olur. Az zamandan sonra o, Zülfüqar Hacıbəyovun "Aşıq Qərib" operasında aşıq Səlim və Aşıq Vəli rollarında, Uzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında Zeyd və daha sonra İbn Salam rolunda müvəffəqiyyətlə çıxış edərək musiqi və vokal sənətinə yaxşı yiyələndiyini nümayiş etdirir.

Azərbaycan operasının böyük bir daxili varlığa malik müqtədir artisti Hüseynqulu Sarabskinin aktyorluq sənətindən dərs alan Əlövsət Sadıqov 1930-cu ildə xalqımızın görkəmli bəstəkarı Müslüm Maqomayevin rəhbərliyi ilə gənc aktyor qüvvələrinin hazırlamış olduğu "Aşıq Qərib" operası tamaşasında baş rolu müvəffəqiyyətlə ifa edir. Bu zamandan başlayaraq Əlövsət Sadıqov opera səhnəmizdə ardıcıl olaraq "Əsli və Kərəm" operasında Kərəm rolunu, "Leyli və Məcnun" operasında Məcnun rolunu, "Şah İsmayıl" operasında Şah İsmayıl rolunu ifa edir.

Əlbəttə, hər bir aktyorun yaradıcılığında olduğu kimi, Əlövsət Sadıqovun oynadığı rollardakı surət dolğunluğu eyni səviyyədə deyildir. Burada aktyorun malik olduğu fiziki keyfiyyət (xarici görünüş, səs və sairə) ilə yanaşı, psixoloji əhval-ruhiyyə kimi amillərin böyük əhəmiyyəti vardır. Odur ki, hər bir artistin daha müvəffəq olduğu rolları ilə yanaşı, onun aktyorluq sənətinin təbiətinə uyuşmayan rolları da olur. Tamaşaçılarımızdan bir çoxu Əlövsət Sadıqovun oynadığı Məcnun roluna nisbətən az müvəffəq olduğunu haqlı olaraq qeyd edirlər.

Şübhəsiz ki, burada məsələ dahi Füzulinin əzəmətli dastanını oxuduqdan sonra təsəvvürümüzə gətirdiyimiz, xəyalımızda candandırdığımız incə, zərif, öz böyuk məhəbbəti və səmimi eşqi ilə "xəstə", həssas, "uslubu dürüst, üsulu qaim" olan Füzuli Məcnunu ilə səhnədə gördüyümuz "Məcnun" surəti arasındakı böyük fərqdən ibarət olaraq qalmır. Bununla yanaşı əsl məsələ böyük bəstəkar Üzeyir Hacıbəyovun yaratdığı "Leyli və Məcnun" operasında da Məcnun rolunun lirik planda verilməsi və lirik səs üçün bəstələnməsindən ibarətdir. Əlövsət Sadıqov, xalq xanəndələrimizin işlətdiyi termin ilə desək, - çox istedadlı, gur və həm də zil səsə malik bir nəğməkardır. Odur ki, o, pəstdən oxuyur, malik olduğu uzun nəfəsli zəngulələrdən bəzən həddindən ziyada sui-istifadə edir. Lakin Məcnun roluna az münasib olan bütün bu cəhətlər Əlövsət Sadıqovun böyük müvəffəqiyyət və bacarıqla oynadığı Aşıq Qərib, Kərəm və xüsusilə Şah İsmayıl rollarında son dərəcə yerində, münasib və lazımi surətdə təcəssüm edir. Bu rollar Əlövsət Sadıqov tərəfindən çox dolğun, çox ifadəli və inandırıcı bir şəkildə ifa edilir.

Əlövsətin özü kimi səsi də sağlamdır. Əlövsətin səsindəki cavanlıq, onun muğamat oxumaq sənətində Azərbaycan xalq xanəndələrinin gözəl ifaçılıq ənənələrinə sadiq olan nəğməkar kimi riayət etməsindən irəli gəlir. Azərbaycan xalq xanəndələrinin - "Səs işləndikcə açılar!" şüarı, Əlövsət Sadıqov yaradıcılığının da ən dəyərli məziyyətlərindən birini təşkil edir. Məhz bu səbəbə görədir ki, Əlövsət Sadıqov xüsusən son illərdə teatrımızda bütün muğam operalarının repertuarını, demək olar ki, tək daşımasilə bərabər eyni zamanda geniş konsert fəaliyyəti ilə də məşğul olur. O, dövlət filarmoniyasında, estrada və radioda, respublikamızın şəhər və kəndlərində, sənaye müəssisələrində, kolxozlarda, Sovet Ordusu hissələrində verilən konsertlərdə tez-tez çıxış edir və dinləyicilərimizin məhəbbətini qazanır.

Hazırda Əlövsət Sadıqov öz aktyorluq və nəğməkarlıq sənətinin əsl çiçəklənən dövrünü keçirir. Azərbaycan musiqi-vokal sənətinin istedadlı nümayəndələrindən biri olan Əlövsət Sadıqovun gələcəkdə daha böyük yaradıcılıq nailiyyətləri əldə etməsini ürəkdən arzu edirik.

________________________

 

Mehdixanlı T.
Azərbaycan, 9 yanvar.2007-ci il, S. 6

Sənət sevgisinin zirvəsi

Doxsan səkkiz il əvvəl Bakı şəhərində "Nicat" Maarif Cəmiyyətinin artistləri ilk dəfə olaraq dahi bəstəkar Ü.Hacıbəyovun "Leyli və Məcnun" operasını səhnədə oynadılar. Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski, Əbdiirrəhim bəy Haqverdiyev, Qurban Pirimov və başqalarının fəal iştirakı ilə həmin vaxtdan Azərbaycanda opera sənətinin əsası qoyuldu. Sonralar bu sənətin tanınmasında, inkişaf etməsində xidməti olanlardan biri də məlahətli səsi, insani keyfiyyətləri daim ehtiramla xatırlanan Xalq artisti Əlövsət Sadıqov olmuşdu.

O, bir əsr əvvəl Şəkidə dünyaya göz açmışdı. Ehtiyac ucbatından 12 yaşından ipək fabrikində əmək fəaliyyətinə başlamışdı. Çox keçmir ki, Əlövsət işgüzarlığı, halal əməyə sevgisi ilə yanaşı, həm.də xalq mahnılarının mahir ifaçısı kimi tanınır. Onu el şənliklərinə, toy məclislərinə dəvət edərmişlər. Nəhayət o, mərhəmətli, qayğıkeş insanların köməyi, məsləhəti ilə Bakıya gəlir. Təsadüf nəticəşində dahi bəstəkar, alicənab insan Üzeyir bəy Hacıbəyovla görüşür. Ustad onun səsini, ifa qabiliyyətini bəyənir. Məsləhət bilir ki, Azərbaycan Dövlət Konservatoriyasına daxil olsun. Əlövsət arzusuna çatır. Təhsil aldığı illərdə qəlbən sevdiyi sənətin incəliklərini öyrənir.

Bir müddətdən sonra Üzeyir bəy ona deyir: "Sənin səsində təravət var. Elə şirin avazla oxuyursan, sanki bu səs qürdrətdən gəlir. Məsləhətim budur ki, qalıb Opera Teatrında işləyəsən". Əlövsətin isə cavabı qısa olur: "Ustad, çox sağ olun. Etimadınıza görə ömrümün son anına kimi sizi, göstərdiyiniz qayğını unutmayacağam".

Əlövsəti teatrda işə qəbui etdilər. O, gecə-gündüz çalışır, məşq edir, bilmədiyini soruşub öyrənərmiş. Bir gün görkəmli yaziçı Mirzə Cəlil də Opera Teatrına, tamaşaya hazırlanan "Şah İsmayıl" operasının məşqlərinə baxmağa gəlib. Əlövsət orada adını eşidib, yazdıqlarını oxuduğu, lakin üzünü ilk dəfə gördüyü müdrik insan, görkəmli nasir dramaturqla görüşüb. Mirzə Cəlil gülə-gülə deyib: "Səndəmi müğənni olmaq istəyirsən?" Sonra sözünə əlavə edib: "Oğul, çəkdiyin əziyyətdən heç vaxt bezməyin olmasın. Unutma, sadəlik ömürlərin bəzəyi, həyatın gözəlliyidir". . .

Bir müddət keçəndən sonra o, "Əsli və Kərəm" tamaşasında Kərəm rolunda səhnəyə çıxdı. Həmin günü tez-tez iftixar hissi ilə xatırlayan, Opera Teatrında işləmiş, unudulmaz tarzən, Xalq artisti mərhum Bəhram Mansurov deyərdi:

- Əlövsətlə xeyli müddət məşq etmişdik. Şaqraq səsinə, valehedici oxumağına zilinə bəminə yaxşı bələd idim. Avazmda kövrəklik, hıçqırıq, nalə fəryad vardı. Amma inam, ümid, vüsal istəyi də az deyiidi. Kərəm obrazında səhnəyə çıxanda, bir anlığa onu tanımadım. Qrim, qiyafə, rolun xarakterinə uyğun kostyum Əlövsətin görünüşünü büs-bütün dəyişmişdi. Kərəmin çarəsiz eşqə düşməsini onun ifasında görəndə həyəcanım artdı. Əlim mizrab tırtmadı, barmaqlarım pərdələr üstündə gəzmədi. Çünki o, inandırıcı səsiylə, davranışıyla, oyunuyla həyəcanımı artırmışdı. Onun hündür boyu, yaraşıqlı qaməti, ağbəniz çöhrəsi vardı, Lakin Kərəmin qara bəxtini, ümidsizliyini elə öynadı ki, sanki onu məngənəyə salıb sıxmışdılar. Tamaşa başa çatanda Üzeyir bəy Əlövsəti ürəkdən təbrik etdi.

Artıq şöhrət qazanmış, etimadı doğrultmuş Ə.Sadıqova "Leyli və Məcnun" tamaşasında Məcnun rolunu oynamağı etibar edirlər. Zəmanənin ən gərgin dövrü idi. Lakin mifli dəyərlərimizi uca tutanlar, sənət qədri bilənlər özləri dözülməz əzablara qatlaşsalar da, amal və məqsədlərindən dönmürdülər. Müvəqqəti də olsa mənəvi, psixoloji iztirabları tamaşaçılara unutdurmağa çalışırdılar. 1936-cı ildə "Leyli və Məcnun" yeni quruluşda oynanıldı. Məcnun rolunun ifaçısı isə Əlövsət Sadıqov idi.

nətkar bu və ya digər əsərdə uğur qazanarsa, daha da həvəslənər. Ə.Sadıqov da belə ifaçılardan, olub. Onun iştirakı ilə "Şah İsmayıl" tamaşası 1940-cı ildə Opera və Balet Teatrında oynanıldı. Əlövsət Sadıqovu sənətsevərlər alqışlarla qarşıladılar: Tamaşa haqqında yazılmış resenziyada Ü.Hacıbəyovun fikri bu günümüzə yadigar qalıb: "Şah İsmayıl"ın milli mənəvi dəyərlərini, onun xalqsevərliyini inandırıcı, parlaq şəkildə oynadığı üçün aktyor-müğənni Əlövsət Sadıqova hörmətimi, minnətdarlığımı bildirirəm. inanıram ki, milli opera sənətimiz bundan sonra da yaşayacaq, görkəmli ifaçıların ənənələri davam etdiriləcək".

Əlövsət həddən artıq sadə, təmkinli, sənətinə vurğun, yumşaq ürəkli, təmiz qəlbli insan idı. Moskvada ilk Azərbaycan ongünlüyündə "Şahsənəm" opera tamaşasında oynadığı Aşıq rolunun sorağı dünyaya yayıldı. 1956-cı ildə xidmətlərinə görə ona Xalq artisti fəxri adı verdilər.

...Unudulmaz opera ifaçısı, müğənni Əlövsət Sadıqovdan xoş xatirələrlə bərabər, həm də oxuduğu xalq mahnılarınm, muğamların radio lent yazıları yadigar qalıb. Xeirxah, sədaqətli dost olduğu üçün daim yada düşür. Qədirbilən insanlar, sənətsevərlər onun yüz yaşını, anım gününii sevgiylə, qədərsiz məhəbbətlə qeyd edir, səhnə fəaliyyətini ehtiramla xatırlayırlar.

________________________

     
     
     
     
     
     
Baş səhifə    
Musiqi    
Video    
Şəkillər    
Xatirələr    
Kitab    
     

AzərTAc
28.12.2006-cı il

ƏLÖVSƏT SADIXOVUN
100 İLLİYİNƏ HƏSR OLUNMUŞ TAMAŞA

AzərTAc xəbər verir ki, dekabrın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Müslüm Maqomayevin “Şah İsmayıl” operasının tamaşası olmuşdur.

Məşhur sənətkar, milli musiqi sənətinin tanınmış nümayəndəsi, xalq artisti Əlövsət Sadıxovun anadan olmasının 100 illiyinə həsr olunmuş tamaşanın dirijoru əməkdar incəsənət xadimi Kazım Əliverdibəyov, quruluşçu rejissoru xalq artisti Ağababa Bünyadzadə, rəssamı əməkdar rəssam Ənvər Almaszadə, baletmeysteri SSRİ xalq artisti, Dövlət Mükafatı laureatı Qəmər Almaszadədir.

Şah İsmayıl rolunda ilk dəfə olaraq Üzeyir Hacıbəyov adına Respublika muğam müsabiqəsinin laureatı Təyyar Bayramov çıxış etmişdir. Əsas rolları xalq artisti Şahlar Quliyev (Aslan şah), əməkdar artistlər Natəvan İsmayılova (Gülzar), Gülüstan Əliyeva ( Ərəb Zəngi), Vokalçıların Bülbül adına III Beynəlxalq müsabiqəsinin laureatı Fərid Əliyev (Vəzir) və başqaları ifa etmişlər.

________________________